ABŞ-də edam cəhdindən sağ çıxan qadın ilk dəfə danışdı

0
B9EhQsmzWcXcyiWIwhyGxYXDysIgCQEzDUPgquFi_1200


ABŞ-nin Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Payk həbsxanada ona iki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq, sağ qalmasından sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.

Vetenxeber.info BBC-yə istinadən xəbər verir ki, Paykın edamına sentyabr ayında cəhd edilib. Ona iki doza pentobarbital preparatı vurulsa da, həkimlərin sözlərinə görə, dərmanın ölümə səbəb olacaq miqdarı qadının qan dövranına daxil olmayıb.

Payk açıqlamasında xəstəxanada təkbaşına özünə gəldiyini, baş verənləri anlamadığını və ağrı hiss etdiyini bildirib.

“Bir an belə ağrısız qalmamışam. Bədənim, qollarım, əllərim və boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm. Bu, yalnız fiziki ağrı deyil. Ağrı şüuruma və ruhuma da nüfuz edir”, – deyə onun vəkillərinin sosial şəbəkələrdə yaydığı bəyanatda qeyd olunub.

Uğursuz edam cəhdindən sonra 50 yaşlı Payk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra o, son 30 ilini keçirdiyi həbsxanaya qaytarılıb.

Payk 1995-ci ildə 19 yaşlı Kolin Slemmerin qətlinə görə ölüm hökmünə məhkum edilib. Bu hadisə ölümcül inyeksiya ilə edam cəhdindən sağ çıxma ilə bağlı məlum olan yeganə hal kimi təqdim olunur.

Vəkillərinin əvvəlki açıqlamalarına görə, edam cəhdindən sonra qadında pnevmoniya yaranıb, əlləri şişib və o, udqunmaqda çətinlik çəkib.

“Sağalıram və gücləndiyimi hiss edirəm. Amma yaraların sağalması hər şeyin qaydasında olduğu demək deyil”, – deyə Payk bildirib.

Qətl törədilərkən Paykın 18, onun sevgilisi Tadaril Şippin isə 17 yaşı olub. Onlar problemli yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgədə tanış olduqları 19 yaşlı Kolin Slemmeri döyərək və ona işgəncə verərək öldürüblər. Şipp hadisə zamanı yetkinlik yaşına çatmadığı üçün ölüm hökmünə məhkum edilməyib. O, hazırda da həbsdədir.

Payk Tennessi ştatında təxminən 200 ildən sonra edam ediləcək ilk qadın olmalı idi.

“Bu gündən sonra sağ qalacağımı heç təsəvvür etməzdim. Bu qədər insanı dəhşətli vəziyyətə salan səriştəsizlik məni dərindən yaraladı”, – deyə o əlavə edib.

Tennessi ştatının hakimiyyət orqanları edam cəhdinin niyə uğursuzluqla nəticələndiyini hələlik açıqlamayıblar. Bununla belə, onlar seçilmiş edam üsulunun düzgün olduğunu iddia edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir